آذربايجان مسئلهسينده سعدي شيرازينين روْلو
آذربايجان مسئلهسينده سعدي شيرازينين روْلو
دوكتور جئري
ايران ايسلام دئوريميندن سونرا، آذربايجان توركلرينين ميلّي - اينساني حاقّلاريني الده ائده بيلمهديكلرينين ندنيني آراشديرديقدا، اؤنجهلري بونو پهلوي دؤنميندن بعضي سوروملولارين بئيينلرده تورتالانيب قالميش شوْوئنيستي دوشونجهلرله باغلي بيليرديم آنجاق سون واختلاردا اينجهلهمهلريم سونوجا واريب سوچسوز اينسانلارين باباليني يودوغومدان پئشمانليق دويدوم. آنلاديم؛ آذربايجان توركلرينين ميلّي ايستكلرينين يولونا شاتير اوزادان بونلار يوخ، بلكه شئيخ مصلحالدين سعدي شيرازي ايميش!
سعدي شيرازي كيمدير؟
سعدي شيرازي، اورتاچاغ فارس ادبياتينين أن گؤركملي شاعير، يازيچي، دوشونورلريندن اولوب اونون گولوستان كيتابي، اسكيدن بري، مكتبخانالاردا، قوتسال قورآن كيتابي ايله ياناشي اؤيرهديليب اؤيودلو سؤزلري توپلومدا اويقولانماغا چاليشيلميشدير. ايراندا، گولوستان كيتابينا اينانلارا سعدي اويومجولاري دئييلير....
اولا بيلر سوروشاسانيز؛ سعدي شيرازينين نه ايليشكيسي وار آذربايجان مسئلهسينه؟!...
آچيقلاييرام:
فارس تاريخينده سوركلي ادبسيز، بير كيشيدن دانيشيليب. بو كيشي ادب اولماق اوچون، اون ايل رضاشاهين تورمهلرينده دوستاق اولوب ايكينجي دونيا ساواشي سيراسيندا آزادليغا بوراخيلاراق تبريزه گئديب آذربايجان ميلّي حؤكومتيني قورموشدو. بو پيس كيشينين آدي سئييد جعفر پيشهوري ايدي.
پيشهوري بير ايلليك حؤكومتي سورهسينده، ايران اؤلكهسينه ياراشمايان چوخ پيس ايشلره ال وورموشدو. اؤرنك اولاراق او:
- ايران چرچيوهسينده اؤزأرك آذربايجان حؤكومتي ياراتميشدي.
- توركجهني آذربايجانين دؤولت ديلي اعلان ائتميشدير.
- آذربايجانا ميلّي مجليس، ميلّي اوردو، ميلّي پول ياراتميشدي
- مدرسهلرده آناديلينين اوخونماسيني ايجباري ائلهميشدي.
- خاليصه يئرلري كندليلرين آراسيندا بؤلوشدورموشدو.
- آذربايجان موسيقي، تئاتر، ادبياتيني يئنيدن ديرچلتميشدي.
- آذربايجان ميلّي اونيورسيتهسينين تمليني قويموشدو.
- وئرگيلري آذربايجانا خرجلهييب تهرانا گؤندرمهميشدي.
- آذربايجان كند- شهرلرينين آوادانليغينا چاليشميشدير.
- توركجه درگي - قزئتلر بوراخميشدي.
- قادينلارين كيشيلرله برابر سس وئرمه حوقوقونو رسميّيته تانيميشدي.
- ايران آناياساسيندا آسيلي قالان ايالتي - ويلايتي انجمنلري قانونونو يورولوگه سالميشدي.
......
سعدي شيرازينين اويومجولاري پيشهورينين بو پيس ايشلريني گؤردوكده دريندن سارسينتي گئچريب اؤزولموشلر. اونلار ال - اله وئرهرك (دونن دوست، بو گون دوشمن) آمريكانين يارديمي ايله آذربايجانا سالديريب اؤلدورهني اؤلدوروب، اؤلدورمهيني ديدرگين ياخود سورگون ائلهميشلر. اونلار، پيشهورينين پيس ايشلرينين ائتكيسيني نئجه آذربايجاندان سيلهجكلريني ده دوشونموشلر آنجاق عاغيللاري بير يئره چاتمايينجا گولوستان كيتابيندان فال آچميشلار:
بيلگه لوقماندان، " ادبي كيمدن اؤيرندين؟ " دئيه سوروشدوقدا، "ادبسيزلردن اؤيرنديم" دئميشدي."بئلهكي، بونلارين نهلري منه خوش گلمهديسه اونلاري ائتمكدن چكينديم".
سعدي اويومجولاري فاللارينا چيخان اؤيكونو اوخودوقدا سئوينجدن چيرتيك چالا- چالا پيشهورينين پيس ايشلريني آذربايجاندان سيلمهيه باشلاييب قالاق-قالاق يانديريلان كيتاب تونقالينين باشيندا آند ايچميشلر؛ سونسوزادك آذربايجاني پيشهورينين گؤردوكلري پيس ايشلردن اوزاق ساخلاسينلار.
Azərbaycan məsələsində Sədi Şirazinın rolu
Dr.Jery
Iran islam devrimindən sonra, Azərbaycan türklərinin milli - insani haqqlarını əldə edə bilmədiklərinin nədənini araşdırdıqda, öncələri bunu Pəhləvi dönmindən bəzi sorumluların beyinlərdə tortalanıb qalmış şovenisti düşüncələrlə bağlı bilirdim ancaq son vaxtlarda incələmələrim sonuca varıb suçsuz insanların babalını yuduğumdan peşmanlıq duydum. anladım; Azərbaycan Türklərinin milli istəklərinin yoluna şatır uzadan bunlar yox bəlkə şeyx Müsləhəddin Sədi Sirazi imiş!
Sədi Şirazi kimdir?
Sədi Şirazi, ortaçağ Fars ədəbiyyatının ən görkəmli şair, yazıçı, düşünürlərindən olub onun gülüstan kitabı, əskidən bəri, məktəbxanalarda, qutsal Quran kitabı ilə yanaşı öyrədilib öyüdlü sözləri toplumda uyqulanmağa çalışılmışdır. Iranda, gülüstan kitabına inanlara Sədi uyumcuları deyilir....
Ola bilər soruşasanız; Sədi Şirazinin nə ilişkisi var Azərbaycan məsələsinə?!...
açıqlayıram:
Fars tarixində sürəkli ədəbsiz, bir kişidən danışılıb. bu kişi ədəb olmaq üçün, on il Rzaşahın türmələrində dustaq olub ikinci dünya savaşı sırasında azadlığa buraxılaraq Təbərizə gedib Azərbaycan milli hökümətini qurmuşdu. bu pis kişinin adı seyid Cəfər Pişəvəri idi.
Pişəvəri bir illik höküməti sürəsində, Iran ölkəsinə yaraşmayan çox pis işlərə əl vurmuşdu. örnək olaraq o:
- İran çərçivəsində özərək Azərbaycan höküməti yaratmışdı.
- Türkcəni Azərbaycanın dövlət dili elan etmişdir.
- Azərbaycana milli məcəlis, milli ordu, milli pul yaratmışdı
- Mədrəsələrdə Ana dilinin oxunmasını icbari eləmişdi.
- Xalisə yerləri kəndlilərin arasında bölüşdürmüşdü.
- Azərbaycan musiqi, teatr, Ədəbiyyatını yenidən dirçəltmişdi.
- Azərbaycan milli universitəsinin təməlini qoymuşdu.
- Vergiləri Azərbaycana xərcələyıb Tehrana göndərməmişdi.
- Azərbaycan kənd- şəhərlərinin avadanlığına çalışmışdır.
- Türkcə dərgi - qəzetlər buraxmışdı.
- Qadınların kişilərlə bərabər səs vermə hüququnu rəsmiyyətə tanımışdı.
- İran anayasasında asılı qalan əyaləti - vilayəti əncümənlərin qanununu yürülüyə salmışdı.
......
Sədi Şirazinın uyumcuları Pişəvərinin bu pis işlərini gördükdə dərindən sarsıntı keçirib üzülmüşlər. onlar əl - ələ verərək (dünən dost, bu gün düşmən) Amrikanın yardımı ilə Azərbaycana saldırıb öldürəni öldürüb, öldürməyəni didərgin yaxud sürgün eləmişlər. Onlar, Pişəvərinin pis işlərinin etkisini necə Azərbaycandan siləcəklərini də düşünmüşlər ancaq ağılları bir yerə çatmayınca gülüstan kitabından fal açmışlar:
Bilgə Loqmandan, " Ədəbi kimdən öyrəndin? " deyə soruşduqda, "Ədəbsizlərdən öyrəndim " demişdi."Beləki, bunların nələri mənə xoş gəlmədisə onları etməkdən çəkindim".
Sədi uyumcuları fallarına çıxan öykünü oxuduqda sevincdən çirtik çala- çala Pişəvərinin pis işlərini Azərbaycandan silməyə başlayıb qalaq-qalaq yandırılan kitab tonqalının başında and içmişlər ; sonsuzadək Azərbaycanı Pişəvərinin gördükləri pis işlərdən uzaq saxlasınlar.