اوغرولارين اوغروسو

 

اوغرولارين اوغروسو

دوكتور جئري

       سؤز،  يول‌كسنلردن، اوغرولاردان دوشموشدو. اوستاد دفتري دئدي:

-‌  اسكيلرده، بيزيم كندين يولوندا بير اوغرو وار ايدي؛ گليب-گئده‌نين وار- يوخونو سويوب مينيكيني اليندن آليب ياياق يولا سالاردي..

دوداغيمي بوزوب،

-‌‌ بو  بير شئي دئييل كي!..- دئديم.

اوستاد پرريخته(فرهيخته) سؤزون جيلوونو الينه گئچيردي:

-‌  بيزيم كندين يولونداكي اوغرو، گليب-گئده‌‌نين وار-يوخونو، مينيكيني اللريندن آلماغا يئتينمه‌ييب شورتدان باشقا بوتون پالتارلاريني اگينلريندن چيخارديب چيپلاق يولا سالاردي..

بورنومدان، ه‌ي‌ي‌ه‌ه..كيمي بير سس چيخارداراق،

-‌ بو  بير شئي دئييل كي!...-دئديم.

پروفسور نصرالدين سؤزه قاريشدي:

-‌ بيزيم كندين اوغروسو دا، سيزينكي كيمي گليب-‌گئده‌نين وار-يوخونو، مينيكيني، پالتارلاريني اليندن آلاردي بو فرق ايله، شورتا بئله رحم ائله‌مزدي؛ كندلري تومانچاق، چيپلاق يولا سالاردي..

هيرنايا- هيرنايا،

-‌ بو بير شئي دئييل كي!..- دئديم.

-‌   بو بير شئي دئييل! .. بو بير شئي دئييل!.. سن بويور گؤرك سيزين كندين اوغروسو نه چئشيد ايدي؟!..-‌ اؤفكه‌له‌نن پروفسور نصرالدين ايدي.

كؤكسومو اؤتوره‌رك سؤزه باشلاديم:

-‌ بيزيم كندين يولونداكي اوغرو، كندليلرين وار-يوخونو، مينيكيني، پار-پالتاريني، شورتونو اللريندن آلاندان سونرا بيليرسينيز نه ائدردي؟

اوستاد دفتري:

-‌  كؤتك ووراردي؟!

-‌ يوخ، اوندان دا پيس!

اوستاد پرريخته:

-‌  باشلارينا پيس ايش گتيرردي؟!

-‌ يوخ، اوندان دا پيس!!..

پروفسور نصرالدين:

-‌‌  اؤلدورردي‌؟

-‌  يوخ، اوندان دا پيس!!

-....

سوسدوقلاريني گؤرونجه، اؤزوم آچيقلاديم:

-‌  آدلاريني اللريندن آلاردي..

اوستاد پرريخته پرت اولدو:

-‌‌ سنين ده ميرتي‌نين باشي ياريم دير دوكتور! آدي دا الدن آلماق اولار؟!!..

سرتجه:

-‌ سن اؤلمه، اؤزوم اؤلوم دوز دئييرم اوستاد!...- دئديم، آرديندا:

-‌ بيزيم كندليلرين، قاباقجا آدلاري تورك ايدي.. آدلاري اوغورلانديقدان سونرا  بير سوره آدسيز قالديلار.. بيليرسينيز؛ بو چاغدا آدسيز- كيمليكسيز ياشاماق اولمور..سونوندا آغ‌ساققاللار ييغيشيب گيجيل بازارينا گئتديلر.. گجيل بازاريني تانيييرسينيز؟..

بير آغيزدان:

-‌ تانيييريق..- دئديلر.

-‌ گجيل بازاري‌نين كسروي راستاسي واردير،؛ بورادا هر چئشيد آد ساتيلير، بيزيمكيلرده گئديب بو راستادان  ايشلنميش بير آد آليب سئوينه-‌سئوينه گئري دؤندولر...

دوستلار چاشقين- چاشقين سوروشدولار:

-‌  آد نه ايدي؟!

منديليمله آلنيمين تريني سيله- سيله ميزيلداديم:

-‌ آذري..

 

Oğruların oğrusu

Dr.Jery

 

    Söz, yolkəsənlərdən, oğrulardan düşmüşdü. Ustad Dəftəri dedi:

- Əskilərdə, bizim kəndin yolunda bir oğru var idi; gəlib-gedənin var- yoxunu soyub minikini əlindən alıb yayaq yola salardı..

Dodağımı büzüb,

- Bu bir şey deyil ki!..- dedim.

Ustad pərrixtə(Fərhixtə) sözün cilovnu əlinə keçirdi:

- Bizim kəndin yolundakı oğru, gəlib-gedənin var-yoxunu, minikini əllərindən almağa yetinməyib şortdan başqa bütün paltarlarını əyinlərindən çıxardıb çıplaq yola salardı..

Burnumdan, hııhh..kimi bir səs çıxardaraq,

- Bu bir şey deyil ki!...-dedim.

professor  Nəsrəddin sözə qarışdı:

- Bizim kəndin oğrusu da, sizinki kimi gəlib-gedənin var-yoxunu, minikini, paltarlarını əlindən alardı bu fərq ilə, şorta belə rəhm eləməzdi; kəndliləri tumançaq, çıplaq yola salardı..

Hırnaya- hırnaya,

- Bu bir şey deyil ki!..- dedim.

- Bu bir şey deyil! .. bu bir şey deyil!.. sən buyur görək sizin kəndin oğrusu nə çeşid idi?!..- öfkələnən professor  Nəsrəddin idi.

Köksümü ötürərək sözə başladım:

- Bizim kəndin yolundakı oğru, kəndlilərin var-yoxunu, minikini, par-paltarını, şortunu əllərindən alandan sonra bilirsiniz nə edərdi?

Ustad Dəftəri:

- Kötək vurardı?!

- Yox, ondan da pis!

Ustad pərrixtə:

- Başlarına pis iş gətirərdi?!

- Yox, ondan da pis!!..

professor  Nəsrəddin:

- Öldürərdi?

- Yox, ondan da pis!!

-....

Susduqlarını görüncə, özüm açıqladım:

- Adlarını əllərindən alardı..

Ustad pərrixtə pərt oldu:

- Sənin də mırtının başı yarımdır doktor! adı da əldən almaq olar?!!..

Sərtcə:

- Sən ölmə, özüm ölüm düz deyirəm Ustad!...- dedim, ardında:

- Bizim kəndlilərin, qabaqca adları TÜRK idi.. adları oğurlandıqdan sonra bir sürə adsız qaldılar.. bilirsiniz; bu çağda adsız- kimliksiz yaşamaq olmur..sonunda ağsaqqallar yığışıb Gəcil bazarına getdilər.. Gəcil bazarını tanıyırsınız?..

Bir ağızdan:

- Tanıyırıq..- dedilər.

- Gəcil bazarının Kəsrəvi rastası vardır,; burada hər çeşid ad satılır, bizimkilərdə gedib bu rastadan işlənmiş bir ad alıb sevinə-sevinə geri döndülər...

Dostlar çaşqın- çaşqın soruşdurlar:

- Ad nə idi?!

Məndilimlə alnımın tərini silə- silə mızıldadım:

- AZƏRİ..

 

 تاريخ : شنبه 15 آذر 1393 | یازار : دوكتور جئري






نظرات:


متن امنیتی

گزارش تخلف
بعدی