ايكي اوشاق يئتمز!

 

ايكي اوشاق يئتمز!

دوكتور جئري

 

آنلاشمازليق

   هردن بئله گؤرونور؛ ميللت ايله دؤولت بير بيري‌نين سؤزونو آنلاماقدا چتينليك چكير! دونن قونشوموز كبلايي خوجا وئردي‌نين نوه‌سي‌نين آد قويماسي ايدي. كوچه‌ده قارشي قارشي‌يا گلديك. سوروشدوم:

-         كبلايي! اوشاغين آديني نه قويدونوز؟

دؤشونو قاباغا وئردي:

-         امير محمد علي

-         امير محمد علي؟!!

-         هه!.. گله‌جكده جمعيتيميز آزالماسين دئيه بيزده دؤولتين نيداسينا لبئيك دئيه‌رك اون ايلدن سونرا نوه صاحيبي اولوب آديني امير محمد علي قويدوق!

باشيمي توولاييب دئديم:

-         كبلايي! دؤولت دئييب؛ دؤرد-‌بئش اوشاق دونيايا گتيرين نه اوچ-دؤرد اوشاغين آديني بيري‌نين اوزه‌رينه قويون!...

 

جمعيتيميزين آرتماسي‌نين يولو

    جمعيتين گئت‌گئده آزالماسي اؤلكه باشچيلاريميزي دريندن قورخويا، قايغي‌يا سالاراق چئشيدلي يوللارلا ميللتي دوغوم-دوغوشا شيرنيكديرمگه چاليشيرلار.بو دوغرولتودا، بيزده، بير اؤنري ايله بو سورونون اورتادان قالخاماسينا يارديمچي اولماق ايسته‌ييريك:

اؤنري:

    قبيرداشي كيمي، كفن كيمي،  مؤهور-تسبئح كيمي، چاديرا كيمي، قيبله‌نوما كيمي،  تومان‌باغي‌ كيمي، ديش‌قوردالايان كيمي، ساققال‌داراغي كيمي، ركعت‌سايان تزگاهي كيمي، دوندورما‌ چؤپو كيمي ...دؤولت، آغازاده‌لرين بيرينه تاپشيرسين جمعيتميزين آزالماسي‌‌نين قاباغيني آلماق اوچون چيندن، چين‌اوشاغي واريد ائله‌سين...

 

آج اينسان

   چوخلو يوردداشلاريميز دوشونورلر؛ جمعيتيميزين آزلماسي‌نين ندني يوخسوللوق‌دور‌، فقر‌دير. بو دوشونجه‌نين يانليش اولدوغونو، برزيل‌لي بيلگين دوكتور خوزه دو كاسترو، "‌آج اينسان" كيتابيندا بيليمسل آچيدان قانيتلاميشدي.خوزه دو كاسترو بير دئنه‌مه‌ده آغيرليق، اوزونلوق، ساغلامليق باخيميندان عيني اولان ايكي بؤلوك سيچاني؛ بيرينجي بؤلوگو آج، ايكينجيني بؤلوگو توخ ساخلاياراق يوخلاميشدي. بير سوره سونرا، او،  اينانيلمازجاسينا، آج سيچانلارين چوخالماسينا، توخ سيچانلارين آزالماسينا، هردن ده سونسوز، دوغماز دوروما  دوشدوگونه  تانيق اولموشدو. او كيتابيندا بو سونوجا وارميشدي: آج اينسان چوخ بالالار!..

   بو آراشديرمادان آنلاشيلير، اؤلكه‌ميزين جمعيتي‌نين آزالماسي‌نين قاباغيني آلماق اوچون ميللت يوخسوللوغا، فقره سوروكلنمه‌لي‌دير. البتته دانماق اولماز، بو يؤنده سوروملولار بؤيوك آدديملار آتيب، آتماقداديرلار...

 

هامي دوغماغا ايره‌لي!

جمعيتيميزين آزلماسي‌نين قاباغيني آلماقدا آغالار، خانيملار چيگين-چيگينه چاليشماقداديرلار. دونن خسته‌خانايا بير آغاني گتيرميشديلر، يانچيلاري تلم-تله‌سيك سوروشوردولار:

-         آغالارين دوغوم اوتاغي هانسي‌دير؟!

هامي شاشيردي:

-         آغادا دوغارمي؟!...

يانچيلاري  برانكاردي توولا ايته‌له‌يه‌رك:

-         آغاميز باهاليق آلتيندا دوغماقدادير!..-دئديلر.

 

نييه جمعيتيميزي چوخالتماق ايسته‌ييريك؟

دئيير: دئييرلر؛ اللي ايل سونرا، يئر آلتي، يئر اوستو سولارين قورويوب اؤلكه سوسوز بير چؤللوگه دؤنوشه‌جكدير.

دئييرم: دوز دئييرلر !

دئيير: دئييرلر؛ اللي ايل سونرا، نئفت-گاز ياتاقلاريميز قورتولاجاقدير.

دئييرم: دوز دئييرلر !

دئيير: دئييرلر؛ اللي ايل سونرا، چئوره كورلانيب، مئشه- اورمانلاردان، يابانچي حئيوانلاردان بير  ايز- توز قالماياجاقدير.

دئييرم: دوز دئييرلر!

دئيير: دئييرلر؛ اللي ايل سونرا، يئرلي ديل، كولتورلر آرادان گئديب تاريخدن سيلينه‌جكدير.

دئييرم: دوز دئييرلر!

دئيير: دئييرلر؛ اللي ايل سونرا، ايش يئرلري بوس-بوتون قاپاناجاقدير.

دئييرم: دوز دئييرلر!

دئيير: دئييرلر؛ اللي ايل سونرا،.................

 

يورولور؛ دئيير: بئله ايسه نييه گره‌ك اينديدن اللي ايل سونرايا جمعيتيميزي چوخالتماق فيكرينده اولاق؟

دئييرم: چوخ آدام بيزه لعنت اوخوسون!

 

Iki uşaq yetməz!

Dr.Jery

 

Anlaşmazlıq

   Hərdən belə görünür; millət ilə dövlət bir birinin sözünü anlamaqda çətinlik çəkir! Dünən qonşumuz kəblayı Xucaverdinin nəvəsinin ad qoyması idi. Küçədə qarşı qarşıya gəldik. soruşdum:

- Kəblayı! uşağın adını nə qoydunuz?

döşünü qabağa verdi:

- Əmir Məhəmməd Əli

- Əmir Məhəmməd Əli?!!

- Hə!.. gələcəkdə cəmiyyətimiz azalmasın deyə bizdə dövlətin nidasına ləbbeyk deyərək on ildən sonra nəvə sahibi olub adını Əmir Məhəmməd Əli qoyduq!

Başımı tovlayıb dedim:

- Kəblayı! dövlət deyib; dörd-beş uşaq dünyaya gətirin nə üç-dörd uşağın adını birinin  üzərinə qoyun!...

 

 

Cəmiyyətimizin artmasının yolu

   Cəmiyyətin get gedə azalması ölkə başçılarımızı dərindən qorxuya, qayğıya salaraq çeşidli yollarla milləti doğum-doğuşa şirnikdirməyə çalışırlar. Bu doğrultuda, bizdə, bir önəri ilə bu sorunun ortadan qalxamasına yardımçı olmaq istəyirik:

Önəri:

  Qəbirdaşı kimi, kəfən kimi, möhür-təsbeh kimi, çadıra kimi, qiblənüma kimi, tuman bağı kimi, dişqurdalayan kimi, saqqal darağı kimi, rəkət sayan təzgahi kimi, dondurma çöpü kimi ... dövlət, Ağazadələrin birinə tapşırsın cəmiyyətmizin azalmasının qabağını almaq üçün Çindən, Çin uşağı varid eləsin...

 

Ac insan

   Çoxlu yurddaşlarımız düşünürlər; cəmiyyətimizin azlmasının nədəni yoxsulluqdur, fəqrdir. Bu düşüncənin yanlış olduğunu, Brezilli bilgin Dr.Xoze de kastru, "Ac insan" kitabinda bilimsəl açıdan qanıtlamışdı. Dr.Xoze de kastru  bir denəmədə ağırlıq,uzunluq, sağlamlıq baxımından eyni olan iki bölük siçanı; birinci bölüyü ac, ikinci bölüyü tox saxlayaraq yoxlamışdı. bir sürə sonra, o, inanılmazcasına, ac siçanların çoxalmasına, tox siçanların azalmasına, hərdən də sonsuz, doğmaz duruma düşdüyünə tanıq olmuşdu. o kitabında bu sonuca varmışdı: Ac insan çox balalar!..

Bu araşdırmadan anlaşılır, ölkəmizin cəmiyyətinin azalmasının qabağını almaq üçün millət yoxsulluğa, fəqərə sürüklnəməlidir. əlbəttə danmaq olmaz, bu yöndə sorumlular böyük addımlar atıb, atmaqdadırlar...

 

Hamı doğmağa irəli!

   Cəmiyyətimizin azalmasının qabağını almaqda ağalar, xanımlar çiyin-çiyinə çalışmaqdadırlar. Dünən xəstəxanaya bir ağanı gətirmişdilər, yançıları tələm-tələsik soruşurdular:

- Ağaların doğum otağı hansıdır?!

Hamı şaşırdı:

- ağada doğarmı?!...

Yançıları brankardı tovla itələyərək:

- Ağamız bahalıq altında doğmaqdadır!..-dedilər.

 

Niyə cəmiyyətimizi çoxaltmaq istəyirik?

 

Deyir: deyirlər;əlli il sonra, yer altı, yer üstü sular  quruyub ölkə susuz bir çöllüyə dönüşəcəkdir.

Deyirəm: düz deyirlər !

Deyir: deyirlər;əlli il sonra, neft-gaz yataqlarımız qurtulacaqdır.

Deyirəm: düz deyirlər !

Deyir: deyirlər;əlli il sonra, çevrə korlanıb, meşə- ormanlardan, yabançı heyvanlardan bir iz- toz qalmayacaqdır.

Deyirəm: düz deyirlər!

Deyir: deyirlər;əlli il sonra, yerli dil, kültürlər aradan gedib tarixdən silinəcəkdir.

Deyirəm: düz deyirlər!

Deyir: deyirlər;əlli il sonra, iş yerləri büs-bütün qapanacaqdır.

Deyirəm: düz deyirlər!

Deyir: deyirlər;əlli il sonra.................

Yorulur; deyir: belə iysə niyə gərək  indidən əlli il sonraya cəmiyyətimizi çoxaltmaq fikrində olaq?

Deyirəm: çox adam bizə lənət oxusun!

تاريخ : شنبه 1 آذر 1393 | یازار : دوكتور جئري






نظرات:


متن امنیتی

گزارش تخلف
بعدی