فاطما ننه آزادلێق ايستهيير
فاطما ننه آزادلێق ايستهيير
دوكتور جئري
بئش- آلتێ گۆن ايدي فاطما ننهنين يۇخۇسۇ قاچمێشدێ. گئجه يارێسێنادك يئرينده اوْيان- بۇيانا دؤنۆب آزادلێغا فيكيرلهشير، فيكيرلشديجهده اؤزلمي آزادلێق آلماغا آرتێردێ.
يئتميش ياشلێ فاطما ننه، قێزلارێنێ اره وئرندن سوْنرا يالقێز قالماسێن دئيه، اليني اؤزگه اوْغۇلۇنۇن قاباغێنا آچماسێن دئيه، اوْتاقلارێنێن بيريني كيرايه وئرمگه باشلامێشدێ. بو ايلكي كيراچێلارێ، ايلقار ايله تايماز آدلێ ايكي اؤيرنجي ايدي. اۆرهگينه آزادلێق قوْرۇ سالان دا ائله بو گنجلر اوْلمۇشدۇ.
گنجلر گئجهلري، آزادلێغا گؤره دانێشێر، دارتێشێركن فاطما ننه اؤزۆ ايستهمهدن اوْ بيري اوْتاقدا ائشيديب دۆشۆنجهيه دالێردێ؛ آزادلێق چؤرهك دئييل چؤرهكدن واجيبدير، آزادلێق وئرمهلي دئييل آلمالێدێر، آزادلێق هامێنێن حاققێدێر، آزادلێغێ بۇ گۆن آلماساق صاباح گئج اوْلاجاق...
فاطما ننه بۇ گئجه سحرهدك ياتا بيلمهدي. آرتێق، آزادلێق آلماغا قرارلێ ايدي. دۆنن سؤز سالماق اۆچۆن گنجلره، "گئجه بتر آزادلێقدان دانێشێردێنێز" دئميشدي. اوْنلار گۆلۆشۆنجه سؤزۆنۆن آردێنێ تۇتمامێشدێ.
گۆن اوْرتا چاغێ قاپێلارێنێ تێققێلداتدي:
- بۇيۇر ايچرييه ننه..- سسي گلدي اوْتاقدان.
ايچري گئچيب قاپێ آغزێندا چؤمبلدي. اۆرهگي دؤيۆنه- دؤيۆنه سؤزه باشلادێ:
- بالالارێم سيزدن بير ايستهييم وار!..
ايلقار ايله تايماز بيرگه:
- بۇيۇر ننه - دئديلر.
- آزادلێق آلماغا گئدنده منيده اؤزۆنۆزله آپاراسێز!...
گنجلر، بير بيرينين اۆزۆنه باخدێلار. ايلقارێن بوغازێ تێخێلدێ، دانێشا بيلمهدي. تايمازێن گؤزلري دوْلمۇشدۇ :
- آمما ننه سن چوْخ قوجاسان!..- دئدي.
فاطما ننه سرتجه:
- آزادلێق بير حاقدێرسا، من نييه واز گئچيم اوْندان؟..- دئدي.
دلي بير جوْشغۇ گنجلرين اۆرهگينه دوْلدۇ. يۇمۇرۇقلارێني سێخدێلار. ائشيگه چێخێب باغێر- باغێر باغێرماق ايستهديلر...
فاطما ننه سؤزلرينين آردێنێ تۇتدۇ:
- گئچن دفعه سهام عدالت وئرنده خبريم اوْلمادێ حاققيم ياندێ بالالارێم...
Fatma nənə azadlıq istəyir
Dr. jery
Beş - altı gün idi Fatma nənənin yuxusu qaçmışdı. gecə yarısınadək yerində oyan- buyana dönüb azadlığa fikirləşir, fikirləşdicədə özləmi azadlıq almağa artırdı.
Yetəmiş yaşlı Fatma nənə, qızlarını ərə verndən sonra yalqız qalmasın deyə, əlini özgə oğulunun qabağına açmasın deyə, otaqlarının birini kirayə verməyə başlamışdı. bu ilki kiraçıları, Ilqar ilə Taymaz adlı iki öyərnəci idi. ürəyinə azadlıq qoru salan da elə bu gənclər olmuşdu.
Gənclər gecələri, azadlığa görə danışır, dartışırkən Fatma nənə özü istəmədən obiri otaqda eşidib düşüncəyə dalırdı; azadlıq çörək deyil çörəkdən vacıbdır, azadlıq verməli deyil almalıdır, azadlıq hamının haqqıdır, azadlığı bu gün almasaq sabah gec olacaq...
Fatma nənə bu gecə səhərədək yata bilmədi. artıq, azadlıq almağa qərarlı idi. Dünən söz salmaq üçün gənclərə, "gecə bətər azadlıqdan danışırdınız" demişədi. onlar gülüşüncə sözünün ardını tutmamışdı.
gün orta çağı qapılarını tıqqıldatdı:
- buyur içəriyə nənə..- səsi gəldi otaqdan.
içəri keçib qapı ağzında çömbəldi. ürəyi döyünə- döyünə sözə başladı:
- balalarım sizdən bir istəyım var!..
Ilqar ilə Taymaz birgə:
- buyur nənə - dedilər.
- azadlıq almağa gedəndə mənidə özünüzlə aparasız!...
gənclər, bir birinin üzünə baxdılar. Ilqarın buğazı tıxıldı, danışa bilmədi. Taymazın gözləri dolmuşədu :
- amma nənə sən çox qucasan!..- dedi.
Fatma nənə sərtcə:
- azadlıq bir haqdırsa, mən niyə vaz keçim ondan?..- dedi.
dəli bir coşğu gənclərin ürəyinə doldu. yumuruqlarını sıxədılar. eşiyə çıxıb bağır- bağır bağırmaq istədilər...
Fatma nənə sözlərinin ardını tutdu:
- keçən dəfə səham-e ədalət verndə xəbərim olmadı haqqım yandı balalarım...